“Invest in Azerbaijan” informasiya sistemi yaradılır - FƏRMAN
İnvestorlar bu sistem ilə elektron qaydada müraciətləri təqdim eedə biləcəklər.İnvestisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılmasını və “bir pəncərə” prinsipi əsasında təqdim olunmasını təmin etmək məqsədilə “Invest in Azerbaijan” informasiya sistemi yaradılacaq.
Marja xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
“Invest in Azerbaijan” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Fərmanla müəyyən edilib ki, “Invest in Azerbaijan” informasiya sistemi investorlar tərəfindən elektron qaydada müraciətlərin təqdim edilməsini, habelə Azərbaycan Respublikasında investisiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan bütün məlumatların, o cümlədən investisiya mühiti, investisiya layihələri, mövcud tələblər, imtiyaz və güzəştlər barədə məlumatların əldə olunmasını təmin edir.
Sistemin sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO həyata keçirəcəkdir
Fərmana əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməli, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
XXX
“Invest in Azerbaijan” informasiya sistemi haqqında ƏSASNAMƏ
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 6 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Invest in Azerbaijan” informasiya sisteminin (bundan sonra – Sistem) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. Sistem rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılmasını və “bir pəncərə” prinsipi əsasında göstərilməsini, digər fiziki və hüquqi şəxslərlə əlaqələrin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də Sistemdə saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.
1.3. Sistemin formalaşdırılmasının məqsədi investorlar tərəfindən elektron qaydada müraciətlərin təqdim edilməsinin, habelə Azərbaycan Respublikasında investisiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan bütün məlumatların, o cümlədən investisiya mühiti, investisiya layihələri, mövcud tələblər, imtiyaz və güzəştlər barədə məlumatların əldə olunmasının təmin edilməsindən ibarətdir.
1.4. Sistemdə yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.
1.5. Fərdi məlumatların Sistemdə toplanılmasının və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunanların təmin edilməsidir. Fərdi məlumatların Sistemdə toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
1.6. Sistemin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun (bundan sonra – AZPROMO) vəsaiti hesabına maliyyələşdirilir.
1.7. Sistem Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.
1.8. Bu Əsasnamədə istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, Qaydalarda, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.
2. Sistemin texniki-texnoloji infrastrukturu
2.1. Sistemin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
2.1.1. proqram-texniki vasitələr və proqram təminatı;
2.1.2. telekommunikasiya qurğuları və kanalları;
2.1.3. informasiya ehtiyatı və onu idarəetmə paneli;
2.1.4. ehtiyat nüsxələr;
2.1.5. istismaraqədərki formalaşma mühitləri.
2.2. Proqram-texniki vasitələr və proqram təminatı vətəndaş və biznesyönümlü həllər əsasında “Mobil Prioritetli Tərtibat” prinsipi ilə qurularaq, Sistemin funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə Sistemdən istifadəni və məlumat mübadiləsini təmin edir.
2.3. Sistem fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmətlər göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir.
2.4. Qurulma topologiyasına uyğun olaraq, Sistemin telekommunikasiya qurğuları və kanalları iki səviyyədə təşkil edilir:
2.4.1. Sistemin fəaliyyətinin təşkili üçün qurumdaxili telekommunikasiya qurğuları və kanalları – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin struktur bölmələri tərəfindən;
2.4.2. Sistemin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğuları və kanalları – Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (bundan sonra – XRİTDX) tərəfindən.
2.5. Sistemdə formalaşdırılan, Sistemə daxil edilən və ötürülən məlumatlar Sistemin informasiya ehtiyatında saxlanılır.
2.6. İdarəetmə paneli Sistemin informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.
2.7. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Sistem, o cümlədən Sistemdə toplanılan məlumatların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.
2.8. Sistemdə aparılan dəyişikliklərin yoxlanılması istismaraqədərki formalaşma mühitlərində həyata keçirilir.
3. Sistemin altsistemləri
3.1. Sistem aşağıdakı altsistemlərdən ibarətdir:
3.1.1. “İnvestorun bələdçisi” altsistemi;
3.1.2. “Müraciətlərlə iş” altsistemi.
3.2. “İnvestorun bələdçisi” altsistemi vasitəsilə Azərbaycan Respublikasında investisiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan bütün məlumatların (vergi, gömrük, miqrasiya, əmək qanunvericiliyində, lisenziya və icazələr, həmçinin digər sahələrdə nəzərdə tutulan tələblər, habelə tətbiq edilən vergi və rüsumlar, imtiyaz və güzəştlər barədə), investisiya layihələrinin həyata keçirilə biləcəyi prioritet sahələr, davam edən investisiya layihələri, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və AZPROMO tərəfindən göstərilən xidmətlər barədə məlumatların təqdim edilməsi təmin olunur.
3.3. “Müraciətlərlə iş” altsistemi vasitəsilə istifadəçilərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və AZPROMO-ya müraciətlərinə dair məlumatların “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq toplanılması, cavablandırılması və sistemləşdirilməsi həyata keçirilir.
4. Sistemə daxil edilən və ötürülən məlumatlar
4.1. Sistemə bu Əsasnamənin 3.2-ci bəndində nəzərdə tutulmuş məlumatlar daxil edilir.
4.2. Sistemə “Elektron Hökumət İnformasiya Sistemi” (bundan sonra – EHİS) vasitəsilə ötürülən məlumatlar aşağıdakılardır:
4.2.1. istifadəçilərə dair aşağıdakı məlumatlar:
4.2.1.1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı, qeydiyyat ünvanı, fərdi identifikasiya nömrəsi və əlaqə vasitələri;
4.2.1.2. sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs olduqda – soyadı, adı, atasının adı, qeydiyyat ünvanı, fərdi identifikasiya nömrəsi, VÖEN-i, fəaliyyət növlərinin adları və kodları (əsas və əlavə), vergi ödəyicisi kimi uçota alınması haqqında digər məlumatlar və əlaqə vasitələri;
4.2.1.3. hüquqi şəxs olduqda – tam adı, VÖEN-i, fəaliyyət növlərinin adları və kodları (əsas və əlavə), vergi ödəyicisi kimi uçota alınması haqqında digər məlumatlar və əlaqə vasitələri;
4.2.1.4. əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda – bu Əsasnamənin 4.2.1.1-ci və 4.2.1.2-ci abzaslarında nəzərdə tutulanlardan əlavə, müvəqqəti və ya daimi yaşama icazələri barədə məlumatlar.
4.3. Sistemin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.
4.4. Sistemlə digər dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) Sistemə aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektron kabinetləri vasitəsilə daxil edilir.
4.5. Sistemdə formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə əsasən tərtib olunur və rəsmiləşdirilir.
5. Sistemdən istifadə qaydası
5.1. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan qurumların Sistemdən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq EHİS-ə inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.
5.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan qurumların və digər hüquqi şəxslərin Sistemdən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda qurumların və digər hüquqi şəxslərin rəhbər şəxsi tərəfindən Sistemdə qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxslər EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq Sistemdən istifadə edirlər.
5.3. Fiziki şəxslər EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə Sistemdə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq Sistemdən istifadə edirlər.
5.4. Sistem vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə Sistemin rəsmi internet informasiya ehtiyatı (EHİS-ə keçid verilməklə) və EHİS vasitəsilə həyata keçirilir.
5.5. Sistem vasitəsilə təqdim edilən xidmət kanalları (portal, mobil tətbiq, virtual köməkçi və s.) istifadəçilərin Sistemin fəaliyyətində iştirakını və istifadəsini, habelə elektron xidmətlərdən yararlanmasını təmin edir. Elektron xidmətlər istifadəçi təcrübəsi və istifadəçi yönümlülüyü nəzərə alınmaqla, xidmət kanalları vasitəsilə təqdim edilir.
6. Sahibin vəzifələri və hüquqları
6.1. Sistemin fəaliyyətini təmin etmək üçün sahibin vəzifələri aşağıdakılardır:
6.1.1. Sistemin idarə olunmasını təşkil etmək və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;
6.1.2. Sistemin dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə, o cümlədən fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi və dövlət qeydiyyatından keçirilməsi üçün tədbirlər görmək;
6.1.3. fərdi məlumatların Sistemdə toplanılmasının, işlənilməsinin və mühafizəsinin bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görmək;
6.1.4. Sistemin təşkili və fəaliyyəti üzrə qiymətləndirmə aparmaq üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra – Nazirlik) zəruri şərait yaratmaq, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə Sistemə çıxış, habelə onun texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və test etmə imkanlarını təmin etmək;
6.1.5. Sistemin informasiya təhlükəsizliyini XRİTDX və operator ilə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə Nazirliklə birlikdə təmin etmək;
6.1.6. Sistemin informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
6.1.7. Sistemə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsinin, habelə daxil edilmiş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının və konfidensiallığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;
6.1.8. Sistemə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
6.1.9. Sistemin, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və operator ilə birlikdə tədbirlər görmək;
6.1.10. elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini təmin etmək;
6.1.11. EHİS-də yaradılan elektron imkanlar vasitəsilə istifadəçilərin tələbi əsasında onlar barəsində məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;
6.1.12. Sistemə çıxışı olan, habelə Sistemin aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
6.1.13. aidiyyəti qurumların Sistemin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
6.1.14. dövlət xidmətləri göstərilməsi üçün tələb edilən sənədlər barədə informasiya digər dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda, həmin informasiyanın ilkin mənbədən əldə edilməsi üçün operator və Nazirlik ilə birlikdə tədbirlər görmək;
6.1.15. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) Sistemə daxil etmək;
6.1.16. Sistemdən sərbəst və maneəsiz istifadənin, habelə onun dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;
6.1.17. Sistemdə dəyişikliklər edilməsi üçün operatora göstərişlər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;
6.1.18. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;
6.1.19. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
6.2. Sistemin fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı hüquqları vardır:
6.2.1. Sistemin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə beynəlxalq təşkilatlarla, habelə Azərbaycan Respublikasının və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;
6.2.2. Sistemdən istifadə və onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;
6.2.3. Sistemin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
6.2.4. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
7. Operatorun vəzifələri və hüquqları
7.1. Operatorun vəzifələri aşağıdakılardır:
7.1.1. Sistemin informasiya təhlükəsizliyini XRİTDX və sahiblə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə Nazirliklə birlikdə təmin etmək;
7.1.2. Sistemin informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
7.1.3. Sistemə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
7.1.4. Sistemin, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və sahiblə birlikdə tədbirlər görmək;
7.1.5. Sistemin təhlükəsizliyi pozulduqda, fəaliyyətində nasazlıq yarandıqda, əsas avadanlıqlarında hər hansı qəza (xəta) baş verdiyi halda dərhal aidiyyəti dövlət orqanlarını və sahibi məlumatlandırmaq, nasazlığın və qəzanın (xətanın) qeydiyyatını aparmaq, dərhal aradan qaldırılması üçün sahibin verdiyi göstərişlərə uyğun təcili tədbirlər görmək, bu mümkün olmadıqda isə Sistemin “Hökumət buludu”nun ehtiyat Data Mərkəzində fəaliyyətini davam etdirməsi üçün Nazirliklə birlikdə zəruri tədbirlər görmək;
7.1.6. Sistemin fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində sahiblə razılaşdırmaqla texniki tədbirlər görmək və bu barədə Sistemin fəaliyyətində iştirak edən aidiyyəti dövlət qurumlarını məlumatlandırmaq;
7.1.7. Sistemdən sərbəst və maneəsiz istifadəni, onun dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə Sistemin proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışı təşkil etmək;
7.1.8. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) Sistemə daxil etmək;
7.1.9. Sistemi EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;
7.1.10. Sistemə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
7.1.11. Sistemin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi üzrə profilaktik iş aparmaq;
7.1.12. Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında Sistemdə dəyişikliklər edilməsi üçün tədbirlər görmək;
7.1.13. sahibin göstərişi ilə normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;
7.1.14. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı sənədləri və texniki məlumatları sahibə və Nazirliyə təqdim etmək;
7.1.15. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparmaq;
7.1.16. Sistemdən istifadəni, habelə onlar üzərindən göstərilən elektron xidmətlərin əlçatanlığını təmin etmək üçün formalaşdırılan mobil tətbiqi elektron marketlərdə yerləşdirmək (mobil tətbiq olduğu halda);
7.1.17. aidiyyəti qurumların Sistemin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
7.1.18. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
7.2. Operatorun aşağıdakı hüquqları vardır:
7.2.1. Sistemin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
7.2.2. Sistemin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;
7.2.3. Sistemlə məlumat mübadiləsində iştirak edəcək digər informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişikliklər edilməsi məqsədilə məsələ qaldırmaq;
7.2.4. Sistemin parametrlərində sahiblə razılaşdırmaqla dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;
7.2.5. iştirakçılar və istifadəçilər Sistemin təhlükəsiz və effektiv fəaliyyətinin pozulmasına səbəb olan əməllərə yol verdikdə, Sistemə giriş imkanını sahiblə razılaşdırmaqla ləğv etmək və ya məhdudlaşdırmaq;
7.2.6. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
8. İştirakçıların vəzifələri və hüquqları
8.1. İştirakçıların vəzifələri aşağıdakılardır:
8.1.1. Sistemə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
8.1.2. Sistemə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;
8.1.3. aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə Sistemə daxil etmək (ötürmək);
8.1.4. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;
8.1.5. Sistemdən, habelə Sistemdə olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;
8.1.6. Sistemdə saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə və ya operatora məlumat vermək;
8.1.7. sahibin və ya operatorun Sistemə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları izləmək;
8.1.8. Sistemin fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;
8.1.9. məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək, bu barədə sahibə və Nazirliyə məlumat vermək;
8.1.10. öz təşəbbüsü, habelə Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarında və sistemlərində zəruri dəyişikliklər etmək.
8.2. İştirakçıların aşağıdakı hüquqları vardır:
8.2.1. Sistemin fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün sahibə və ya operatora sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
8.2.2. Sistemin təkmilləşdirilməsi istiqamətində sahibə və ya operatora təkliflər vermək.
9. İstifadəçilərin hüquqları
9.1. İstifadəçilərin Sistemdən istifadə ilə bağlı aşağıdakı hüquqları vardır:
9.1.1. Sistemdəki açıq məlumatlarla tanış olmaq və onları əldə etmək;
9.1.2. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, özləri barəsində məlumatlarla tanış olmaq, onları əldə etmək və ya dəqiqləşdirilməsi üçün sahibə və ya operatora müraciət etmək;
9.1.3. elektron kabinetləri üzərindən müraciətlərini göndərmək və elektron xidmətlərdən istifadə etmək;
9.1.4. sahiblə, operatorla, iştirakçılarla və digər istifadəçilərlə qarşılıqlı əlaqəni və sənəd (məlumat) mübadiləsini elektron qaydada həyata keçirmək;
9.1.5. Sistemin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
9.1.6. Sistemdən istifadə ilə bağlı hüquqlarının pozulmasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;
9.1.7. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
Pərakəndə sektorun səssiz böhranı: POS terminal komissiyaları, vergi təzyiqi və yüksələn icarə qiymətləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 3 gün sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
3 saat əvvəl
Azərbaycan pərakəndə ticarət sektorunda ilk: OBA startap ekosisteminə dəstək proqramına start verdi
-
6 saat əvvəl
Ərəb ölkələrinin aparıcı inkişaf fondlarına AZCON Holding-in planları barədə ətraflı məlumat verilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
- 7 saat əvvəl
-
8 saat əvvəl
PashaPay-in direktoru Özbəkistan Fintex Forumunda eksklüziv podkasta qonaq olub - VİDEO
-
9 saat əvvəl
bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının say azalıb
-
9 saat əvvəl
Azercell və Müdafiə Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalandı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PashaPay-in direktoru Özbəkistan Fintex Forumunda eksklüziv podkasta qonaq olub - VİDEO
bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının say azalıb
Ən çox oxunanlar
“Invest in Azerbaijan” informasiya sistemi yaradılır - FƏRMAN
"SOCAR və "Özbəkneftqaz" neft emalı zavodu inşa edə bilər
AFB Bankdan yeni İnternet bankçılıq
Pərakəndə sektorun səssiz böhranı: POS terminal komissiyaları, vergi təzyiqi və yüksələn icarə qiymətləri
Xalq Bank Azərbaycan Boks Federasiyasına üzv oldu










.jpg)









.jpg)
