20 Yanvar faciəsindən 34 il ötür
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 34 il keçir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.
Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib.
Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.
1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var.
Faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.
1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq Hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.
Xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 08:00-dan mərasim başa çatanadək Şəhidlər xiyabanı istiqaməti üzrə küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.
Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.
Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.
Müştərilərin xəbərləri
NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
"Hörmüz boğazı bağlı qalmalıdır. Boğazın bağlanması düşmənə təzyiq göstərmək üçün bir vasitədir"
-
2 saat əvvəl
"Legion Financial” şirkətinin 220 000 manatlıq yeni səhmlərini 3 investor əldə edib
-
-
3 saat əvvəl
İranın yeni Ali Rəhbəri İsrail və ABŞ-ı "digər cəbhələr"in açılacağı ilə hədələyib
- 3 saat əvvəl
-
3 saat əvvəl
BMW Group-un mənfəəti Çin bazarındakı sərt rəqabət səbəbilə azalıb
-
3 saat əvvəl
"Hörmüz boğazı bağlı qalmalıdır" - Müctəba Xamenei İran xalqına ilk müraciətini edib
-
3 saat əvvəl
Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Hörmüz boğazı bağlı qalmalıdır. Boğazın bağlanması düşmənə təzyiq göstərmək üçün bir vasitədir"
BMW Group-un mənfəəti Çin bazarındakı sərt rəqabət səbəbilə azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 qramının orta satış qiyməti isə 6,8 manat olub
Ən çox oxunanlar
ABB-dən “Fayda Max Abunəlik” proqramı
“Azər-Türk Bank”ın rəhbərliyinə yeni təyinat olub
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Azərbaycan iqtisadiyyatı cüzi artıb
İnfluenser və bloqerlərlə bağlı yeni tənzimləmələr tətbiq olunub
Türkiyə də neft ehtiyatlarının bir hissəsini satışa çıxarır
Dövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir
Martın 13-də gözlənilən hava şəraiti





















